Əsas hücum hədəfi kimi Azərbaycanın Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağ bölgələri seçilmişdi. 1918-ci ilin yayında və payızında Ermənistan hökumətinin göstərişi ilə Andranikin quldur dəstələri dövlət sərhədlərini pozdu. Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrində dinc əhaliyə qarşı kütləvi soyqırımı törətdi, iki yüzə yaxın Azərbaycan kəndini məhv etdi. Yüz minlərlə türk-müsəlman əhali öz doğma yurdlarından didərgin salındı. Azərbaycan Cümhuriyyəti çox ağır qaçqın problemi ilə üz-üzə qaldı. Bununla bağlı bir-birinin ardınca təxirəsalınmaz tədbirlər həyata keçirən milli hökumət çoxlu sayda qaçqını labüd ölüm təhlükəsindən xilas etdi.
Azərbaycan hökumətinin qarşısında duran ən mühüm hərbi və siyasi vəzifələri müəyyənləşdirin.
AXC hökuməti Qarabağı erməni işğallarından qorumaq üçün qətiyyətli addımlar atdı. 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ general-qubernatorluğu yaradıldı. Xosrov bəy Sultanov generalqubernator təyin edildi. Xosrov bəyin qətiyyətli tədbirləri nəticəsində Andranikin və digər erməni qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu. Separatçı qüvvələrin bir hissəsi bölgədən qovuldu. Bölgənin dinc erməni əhalisi Azərbaycan hakimiyyətinə tabe oldu. Beləliklə, Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin suveren hüquqları təmin edildi.
Xosrov bəy Zəngəzurun və Dağlıq Qarabağın ermənilərdən müdafiə edilməsində qardaşı Sultan bəy kimi böyük rol oynamışdı. Onun fəaliyyəti nəticəsində Qarabağın dinc erməni əhalisi Azərbaycan hakimiyyətini qəbul etdi.
Xosrov bəy dövlət müstəqilliyimizə, xalqımıza sədaqətli olan hər kəsin dəyərini düzgün qiymətləndirməyi bacaran dövlət xadimi idi. O, Əhməd Cavad şəxsiyyətinə və yaradıcılığına hörmət əlaməti olaraq şairin şeirlər kitabını çap etdirmişdi.
Azərbaycan bəylərinin Vətənin müdafiəsində xidmətlərini izah edin.