Azərbaycan hökuməti bütün bunların qarşısını almaq üçün vacib addımlar atmalı, sözün əsl mənasında, səfərbər olmalı idi.
Azərbaycan və Gürcüstan respublikalarının sərhədlərinin müəyyən edilməsində yaranmış problem tez bir zamanda həll olundu. Gürcülərin Zaqatala dairəsinə iddiası dinc yolla nizama salındı. Əhali arasında keçirilən rəy sorğusuna görə, Zaqatala dairəsi Azərbaycanın tərkibində saxlanıldı.
Seymin dağıdılmasından sonra erməni nümayəndələri olduqca çətin vəziyyətə düşmüşdülər. Azərbaycan və gürcü xalqlarından fərqli olaraq, ermənilərin Cənubi Qafqazda torpaqları yox idi. Tarixi Azərbaycan torpaqlarında Rusiya onlara yeni bir “vətən” yaratmışdı. Ermənilər belə bir vaxtda dövlət yaratmaq üçün siyasi mərkəz axtarırdılar. Əvvəlcə Gümrünü paytaxt etmək istədilər, lakin şəhər Osmanlı qoşunu tərəfindən tutulduğundan onların bu niyyəti boşa çıxdı. Erməni nümayəndələri Azərbaycan Milli Şurasına müraciət edərək İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istədilər. Böyük dövlətlərin təzyiqi və Osmanlı hakim dairələrinin təklifi ilə ermənilərin müraciətinə 1918-ci il mayın 29-da müsbət cavab verildi. Qədim Azərbaycan şəhəri İrəvan ermənilərə güzəşt edildi. Əvəzində ermənilər Dağlıq Qarabağa və digər bölgələrə iddialarından birdəfəlik əl çəkməyi vəd etdilər.
İrəvanın güzəşt edildiyi tarixi şəraiti təhlil edin.
Batum sülh konfransında bu məsələ bir daha gündəliyə çıxarıldı. Çünki yeni yaranan Cənubi Qafqaz respublikalarının ərazisi və sərhədləri həm də Osmanlı dövləti ilə razılaşma əsasında müəyyənləşdirilməli idi. Beləliklə, Osmanlı dövlətinin razılığı əsasında, İrəvan şəhəri paytaxt olmaqla, tarixi Azərbaycan torpağında Ermənistan Respublikası yaradıldı. Bu respublika Osmanlı dövləti tərəfindən də 4 iyun 1918-ci ildə Batum sülh konfransında tanındı. Ermənistan Respublikasının ərazisi 10 min kv. km müəyyənləşdirildi. Qafqazda Ermənistan Respublikasının yaradılması ilə Osmanlı dövləti “erməni məsələsi”nin birdəfəlik həll ediləcəyinə ümid bəsləyirdi. Ermənilərin bundan sonra sakitləşəcəyinə inanan Osmanlı dövlət xadimləri bölgədə daimi sülhə bu yolla nail olmaq niyyətində idilər. Batumda sülh və dostluq müqaviləsini imzalayan erməni daşnak hökuməti isə respublika ərazisində yaşayan türk-müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi, onların ana dilində təhsil almalarına və dini ibadətlərini sərbəst şəkildə yerinə yetirmələrinə şərait yaratmağı öhdəsinə götürmüşdü.
Ermənilər bir əsrə yaxın idi ki, Rusiya hakim dairələrinin onlara dövlət yaradacağına ümid bəsləyirdilər. Lakin Rusiyanın ali hakimiyyət nümayəndələri bu ümidlərini bilərəkdən doğrultmurdular. Osmanlı və Azərbaycan türklərinin ictimai xadimləri isə onlara heç zaman ermənilərə məxsus olmayan Azərbaycan torpaqlarında dövlət yaratmağa imkan verdilər. Ermənilər əvəzində əbədi minnətdar olmaqdansa, türk-müsəlman əhali ilə bağlı götürdükləri öhdəliklərin heç birinə əməl etmədilər, yeni iddialar qaldırdılar.
Osmanlı dövlətinin ermənilərlə bağlı məsələnin həlli ilə əlaqədar tədbirlərinin nə kimi nəticəsi oldu?
Tarixi torpaqlarımızın erməni basqınlarından müdafiəsi tədbirləri. Azərbaycan torpaqlarında yaranmış Ermənistan Respublikası Cənubi Qafqazda türk-müsəlman əhalinin yaşadığı bir çox bölgələrə ərazi iddiaları qaldırdı.