1829-1830-cu illərdə Cənubi Qafqazda yoxlamalar aparmaq üçün göndərilmiş çar məmurları müsəlman əyalətlərinin maliyyə-vergi sistemində həddindən çox qanunsuzluq və özbaşınalıqlar üzə çıxardılar. Onlar çar I Nikolaya göndərdikləri raportda yazırdılar: “Müsəlman əyalətlərində rus dairə rəislərinin və komendantların azğınlığı nəticəsində əhalinin çəkdiyi əzab-əziyyət adamı dəhşətə gətirir. Burada insan ləyaqəti tapdanmış, hər cür ədalət unudulmuş, qanun isə yalnız əsarət aləti olmuşdur. Bölgənin müsəlman əhalisinin səbir kasası dolmuş, lakin xoşbəxtlikdən daşmamışdır”. Daha sonra həmin məmurlar Şimali Azərbaycanda üsyanların baş verəcəyindən ehtiyatlanaraq çara komendant idarə üsulunu dərhal ləğv etməyi təklif edirdilər.
Çar Rusiyasının köçürmə siyasəti. Rusiya imperiyası Şimali Azərbaycanda xristian əhalidən özünə dayaq yaratmağa çalışırdı. Bu məqsədlə işğaldan dərhal sonra Cənubi Qafqaza, o cümlədən Azərbaycana alman, erməni, rus və digər xristian xalqları köçürülməyə başlanıldı.
XIX əsrin əvvəlində I Napoleonun işğalçı müharibələri və feodal zülmü nəticəsində ağır vəziyyətə düşən Almaniya əhalisinin bir hissəsi öz vətənini tərk etdi. 1818-ci ildə Rusiya hökuməti Cənubi Qafqaza köçürdüyü alman ailələrinin bir hissəsini Yelizavetpol (Gəncə) dairəsində məskunlaşdırdı. Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) adlanan alman məskənləri salındı. Çar hökuməti hesab edirdi ki, alman kolonistləri bölgədə Avropa əkinçilik mədəniyyətinin yayılmasında mühüm rol oynayacaqlar. İlk vaxtlar bu koloniyalar Azərbaycandan yığılan gəlir hesabına saxlanılırdı.
Almanların məskunlaşdırılmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı əhali də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladı. Kənd təsərrüfatında işlədilən dördtəkərli, furqon tipli at arabalarının düzəldilməsi də almanların gəlişindən sonra baş verdi. Eyni zamanda almanlar da yerli əhalidən müəyyən kənd təsərrüfatı vərdişlərini mənimsədilər.
Rusiyanın Şimali Azərbaycanda xristian əhalidən özünə dayaq yaratmaq siyasəti baş tutdumu? Münasibətinizi bildirin.
A.Qriboyedov ermənilərin köçürülməsi ilə əlaqədar yazırdı: “Ermənilərin çox hissəsi müsəlman mülkədarların (arandakı - red.) torpaqlarında yerləşdirilmişdir. Yayda hələ buna yol vermək olardı. Çünki torpaq sahibi olan müsəlmanların əksəriyyəti yaylaqda idi və başqa dinə qulluq edən gəlmələrlə az görüşürdülər”.
A.Qriboyedov. Seçilmiş əsərləri. II c., Moskva, 1977, s. 399-444.
Mənbə əsasında azərbaycanlıların məruz qaldığı ədalətsizliyi izah edin.
Rusiya imperiyası Osmanlı və Qacarlar dövlətlərinə qarşı gələcək işğalçı niyyətini həyata keçirmək üçün Cənubi Qafqazda, xüsusən də tarixi Azərbaycan torpaqlarında erməniləri kütləvi məskunlaşdırmaq istəyirdi.