Əjdər bəy Aşurbəyov Sabunçu şəhər məktəbinin fəxri himayəçisi idi. Bu məktəbi o öz vəsaiti ilə saxlayır, nəinki müəllimlərin əməkhaqqını, hətta şagirdlərin ehtiyaclarının da müəyyən qismini ödəyirdi. Bundan başqa, Əjdər bəy xaricdə təhsil alan bir çox azərbaycanlı tələbələrə, o cümlədən Fransada təhsil alan görkəmli pedaqoq Səlim bəy Behbudova maddi yardım etmişdir.
Əjdər bəy 1909-cu ilin 29 aprel tarixində Qafqaz Tədris Mərkəzinin başçısına ərizə ilə müraciət edib Tiflisdə açılan “Qadın müsəlman məktəbi”nə yardım etmək istədiyini bildirir. Qafqaz Tədris Mərkəzinin rəhbərliyi bu yardımına görə onu məktəbin fəxri himayədarı seçir. Əjdər bəy müsəlman balalarının təhsil aldığı bu məktəbə hər il müəyyən məbləğdə pul göndərmiş, imkansız tələbələri şəxsi vəsaiti hesabına oxutmuşdur.
O, “Şollar” su kəmərinin, Sankt- Peterburq şəhərində inşa olunan məscidin və Sabunçu şəhər xəstəxanasının tikintisinə köməklik göstərmiş, “Nicat” cəmiyyətinin teatr bölməsində qoyulan tamaşalara sponsorluq etmiş, cəmiyyətin müxtəlif bölgələrə səfərlərinin təşkilatçılarından biri olmuşdur.
Əjdər bəy Yaponiyaya səfərindən sonra yapon memarlıq üslubunda Bakıdakı “Mikado” adlı teatrı (indiki Rus Dram Teatrının binası) və Göy məscidi tikdirmişdir.
Neft milyonçusu Teymur Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik mütərəqqi düşüncəli bir insan idi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara T.Aşurbəyovun oğlanları: Əli bəy və Bala bəy də öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Onlar bir çox azərbaycanlı tələbələrə maddi yardım etmişlər. Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə Aşur- bəyovlar tərəfindən də böyük miqdarda vəsait ayrılmışdı. 1910-cu ildə məscid hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı.
Bala bəyin xanımı İsmət xanım isə “Müqəddəs Nina” Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi.
Sona Aşurbəyova yazır ki, bu nəslin səciyyəvi xüsusiyyəti onların heç bir təmsilçisinin mühacirətdə dünyasını dəyişməməsidir. Hətta 20-ci illərin əvvəllərində Bakını tərk etməyə məcbur qalanlar sonralar Vətənə qayıdıblar. Sovet hakimiyyəti illərində Aşurbəyovlar nəsli mülklərindən, evlərindən, torpaq sahələrindən, neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, repressiyaya məruz qalmalarına, dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq, fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər.