Hüseynqulu anasının və kiçik qardaşlarının bir-bir üzünə baxıb köks ötürdü:
- Nə deyirəm ki? Madam istəyirsiz, qoy qızlar da gedib oxusunlar!
Cəfər böyük qardaşının boynunu qucaqlayıb üzündən öpdü:
- Mən bilirdim ki, sən izin verəcəksən, - sonra dərindən ah çəkdi. - İndi gərək Heydəri də özün razı salasan!
Böyük qardaş güldü:
- Heydəri razı salmaq bütün məhəlləni razı salmaqdan çətindir.
Əjdər gülərək söhbətə qarışdı:
-Yoxsa sən də bəzi avamlar kimi Sonaya, Törəyə deyəcəksən ki:
Fikrini vermə nə elmə, nə ürfana, qızım!
Çoxdur elmin zərəri din ilə imana, qızım!
Oxuyub elm evini eyləmə virana, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmana, qızım!”
Hüseynqulu maraqla soruşdu:
- Bunu kim deyib?
- “Babayi-Əmir”də yazıblar! - deyə Əjdər şeir müəllifinin kim olduğunun üstündən keçdi.
...Cəfər Sona ilə Törəni ilk qız məktəbinə yazdırdı...
Seyfəddin Dağlı