“SİZİ TƏBRİK EDİRƏM, QIZLAR!”
(“Bahar oğlu” romanından, ixtisarla)
Şəklə əsasən mətndə nədən danışılacağı barədə fikir yürüdün.
Əvvəlki fikirlərinizlə sonrakı fikirlərinizi müqayisə edin. Sizcə, şəkil mətnin hansı hissəsinə uyğundur?
Rəssam işinə münasibət bildirin. Şəkil sizi qane edirmi?
Rəssam şəkillə məzmunun bir hissəsini əks etdirə bilibmi?
Şəkil haqqında təsviri xarakterli kiçik mətn tərtib edin. Sizcə, yazınızı mətnə əlavə etmək olarmı? Niyə?
Cəfər öz dostları ilə birlikdə Bakı Sənaye Texnikumuna daxil oldu.
İndi o, on yeddi yaşlı bığ yeri təzəcə tərləmiş, bəstəboy, arıq bir gənc idi. Əyninə qara mahuddan tələbə kostyumu geymiş, boğazına qara qalstuk vurmuşdu. Furaşkasında və pencəyinin yaxalığında çəkic və açar nişanları vardı. Bürünc düymələri par-par parıldayırdı. Onu təzə libasda görən qardaşlarının dodaqları qımışır, anasının gözləri yaşarırdı. Dəstəqız olmuş Sona indi Cəfərə ehtiyatla yanaşır, heyran-heyran uzaqdan ona tamaşa etməkdən doymurdu... Əmisi oğlunun saçlarını daraması balaca qızın xüsusilə xoşuna gəlirdi. Cəfərin yandan iki hissəyə ayrılmış gur, qara telləri içində ağaran qısa xətt Sonaya nədənsə özünün qalın, xurmayı hörükləri qədər uzun görünür, xəyalı bu intəhasız yolda gəzməkdən yorulmurdu.