Məktəb, maarif işinin inkişafına görə də Şuşa digər şəhərlərdən öndə idi:
Şuşalı teatr həvəskarları sırasında “Otello”nun ilk tərcüməçisi, komediyalar müəllifi Haşım bəy Vəzirov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu, tanınmış ziyalılar Səfərəli bəy Vəlibəyov, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli və başqaları var idi. 1904-cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin “Otello” əsəri tamaşaya qoyulmuşdu.
Musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşada xanəndə və musiqiçilərin professional məktəbi yaranmışdı. İlk musiqi məktəblərinin yaranması xalq musiqisi ənənələrinin yayılması və zənginləşməsinə təkan verdi. Əbdürrəhim bəy Haqverdiyev 1897-ci ildə Şuşada Füzulinin “Leyli və Məcnun”, 1902-ci ildə isə Nizaminin “Xosrov və Şirin” poemasının bəzi hissələrini səhnələş- dirmiş, hər iki tamaşada baş rolun ifaçısı Cabbar Qaryağdıoğlu olmuşdur. “Şərq konserti” adlı yeni konsert forması da 1901-ci ildə ilk dəfə Şuşada təşkil olunmuşdu ki, bu konsertin ilk səhnələşdirilmiş musiqili tamaşa kimi milli operanın yaranmasına böyük təsiri olmuşdur.
Şuşanın sosial-iqtisadi və mədəni inkişafında 1898-ci ildə yaranmış özünüidarənin böyük rolu olmuşdur. Görkəmli ziyalılar Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov və başqaları özünüidarənin üzvləri idi. Cavad bəy Səfərəlibəyov 1904-1907-ci illərdə Şuşa şəhərinin başçısı olmuşdur.