QACAR - Aha, sınayırdım idrakınızı,
Doğrudan, bir şair görürəm sizi.
Xoşbəxt xəlq eləmiş sizi yaradan!
Göylərə baş çəkən bu şanlı saray,
Sizə tapşırılsın bu gündən gərək
Ancaq bir şərtim var...
VAQİF - Buyurun görək!
QACAR - Gərək fars dilində yazsın sənətkar.
VAQİF - Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar.
Azəri yurdunun oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam!..
VƏZİR - Yaxşı da...
Çanqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı, bəlkə?.
VAQİF - Dayan...
Bu bağçanın hər bir bucağı
Neçə çiçək, neçə güllər bitirmiş.
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş.