Sara xanım bir çox rəsm əsərlərinin müəllifi olmuş, 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə sərgilərdən birində onun “Göygöl” adlı əsərini Meksika nümayəndələri almışdır və bu əsər indi Meksika muzeylərindən birinin eksponatıdır.
S.Aşurbəyli 1925-ci ildə İstanbulda Janna Dark adına fransız kollecini bitirmişdir. O, 7 dili: ingilis, fransız, alman, ərəb, fars, türk, rus dillərini mükəmməl bilmişdir. Əcnəbi dilləri bilməsi hansısa məqamda Sara xanımın əlindən tutur, təqib olunduğu illərdə xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili ona ağır yaşam illərinə tab gətirməkdə böyük yardımçı olur. Belə ki Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator kimi çalışır. Bundan başqa, o həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəylinin dəvəti və köməyi ilə 15 il ardıcıl olaraq Dövlət Konservatoriyasında xarici dildən dərs deyir.
5. Məşhur tarixçi Sara xanım Aşurbəyli Bakı neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəylinin ailəsində dünyaya göz açıb. O bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin tədqiqinə öz misilsiz töhfələrini verib. Faciəli tale yaşamış Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı kimi bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəylinin səyi nəticəsində Aşurbəylilərin geniş nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdur.