Nəsibə xanım 1916-cı il aprel ayının 20-də Azərbaycanda teatr sənətinin inkişafında özünəməxsus yeri və dəstxəti olan, dövrünün tanınmış taciri və aktyoru Kərbəlayı Cahangirin ailəsində doğulub. Cahangir bəy evinin yuxarı hissəsində aktyorların teatr tamaşaları hazırlaması üçün yer ayırmışdı. Məşqlərdən sonra aktyorları evində yedirib-içirər, dəyərli məsləhətləri ilə onlara istiqamət verər, aktyorluq sənətinin sirlərini öyrədərdi.
Cahangir bəy həm də bir xeyriyyəçi kimi yaddaşlarda qalmışdır. Çox vaxt bayramlarda, xüsusilə də Novruz bayramında nökəri Zalı yanına çağırar, heç kəsin bilməməsi şərtilə kasıb və imkansız ailələrə pay göndərtdirərdi. Bu müqəddəs bayramda hər kəsin ocağında qazanın qaynamasına, uşaqlarının sevinməsinə çalışardı. Nökəri gedib həmin qapını döyər, sovqatı qapıya qoyub “Sizə göndərdilər”, - deyib uzaqlaşar, “kim göndərib?” sualına isə cavab verməzdi.
Körpə Nəsibəni gələcəkdə aktrisa görmək istəyi Cahangir bəyi çox düşündürürdü. Lakin arzusunu reallaşdıra bilmir... 1917-cı ilin sonu 1918-ci ilin əvvəllərində Bakıda hakimiyyət bolşevik və daşnakların əlinə keçir. Azərbaycanlılara qarşı soyqırım hadisəsi törədilir. Bir çox ailələr kimi Cahangir bəyin də ailəsi faciə ilə üzləşir, varyoxu əlindən alınır. Cahangir bəy qəflətən vəfat edir. Hüsniyyə xanım çətin vəziyyətdə ailəni saxlamaq məcburiyyətində qalır.
* * *
Nəsibə xanım aktrisa oldu, elə bir aktrisa ki, istər müasirlərinin, istərsə də sonrakı nəsillərin qəlbini fəth etdi - özü də ömürlük! 2
Yaradıcılığının əsası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul edilir.
Yaratdığı obrazlar həyatiliyi, real bədii təsvirləri ilə həmişə orijinal görünüb. 3 Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda çox böyük ustalıqla, peşəkarlıqla istifadə edib. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, əlavəyə qətiyyən yol verməzdi. Süni gülüşdən uzaq idi.
Cənnət xala rolu aktrisanın ifasında tamaşaçıların yaddaşına əbədi həkk oldu. Bu obraz aktrisanın böyüklüyü, əvəzedilməzliyinin ən bariz nümunəsidir. Qayınana deyiləndə, “zabitəli qayınana” sözü işlədiləndə Nəsibə xanım gəlir ilk dəfə göz önünə - öz təbii oyunu, hərəkətləri ilə. 4