BİR ŞAHİDİN BEŞ ŞƏHİDİ
Azərbaycanm dilbər guşəsi Qarabağda baharın gözəl bir çağında - gül-çiçəyin bir-birinə vurulub nəğmə oxuyan vaxtında göyçək bir qız uşağı dünyaya göz açdı. Ailənin sevinci, fərəhi olan bu qızın adını Gülyaz qoydular. Gülyaz böyüdükcə şirin dili, səmimiyyəti, işgüzarlığı ilə hamının istəklisinə çevrilir, şən gülüşləri, ürəyəyatımlı nəğmələri ilə sanki təbiətə meydan oxuyurdu. Göydən ələnən qar onun nəğmələrində elə bil ki çiçək yağışı idi. Yağışın həzin səsinə səs verib zümzümə edərdi, lakin ən çox sevdiyi bahar fəsli idi. Yaşıl dona bürünmüş çöl-çəmən, ağ-çəhrayı libas geymiş ağaclar, yayın ən isti vaxtında belə, başı ağ örpəkli uca dağların möhtəşəmliyi onun qəlbini, ruhunu qanadlandırırdı. Ev işlərini görəndə də, bulaqdan su gətirəndə də, qonşuya isti fəsəlini pay aparanda da nəğmə oxuyardı. Gülyazın toyu da elə baharda oldu.
...O, bəxtəvər idi: ailəsi, övladları. Gülyazın dilindən nəğmələr əskik olmurdu, hələ desən, laylaların da sayı artmışdı: beşinci oğul böyüdürdü axı!