Depressiya böyüyəndən sonra başlandı. İlk intihar cəhdi 8 yaşında baş verdi. Məhz bu yaşda oğlan öz qüsurlarından əziyyət çəkməyə başladı. Hər gecə Allahdan ona əl və ayaqlar verməsini xahiş edirdi. Sonralar Nik özü etiraf etmişdi ki, hər səhər əl-ayağını görəcəyi ümidi ilə yuxudan oyanırdı. Lakin bu ümidlər günü-gündən zəifləyirdi. Ümid məyusluqla əvəz olunurdu.
10 yaşın içində idi. Nik anasına çimmək istədiyini bildirdi və xahiş etdi ki, onu vanna otağına aparsın. Həmin dəqiqələri Nik belə xatırlayır:
"Mən üzüüstə çevrilməyə çalışdım, ancaq bu vəziyyətdə qalmaq çox çətin idi. Məqsədimə çata bilmirdim. Məndə heç nə alınmadı. Bu qısa an kəsiyində özümün dəfn mərasimimi çox dəqiq şəkildə gözümün önündə canlandırdım - atam və anam sonsuz kədər içində məzarımın önündə dayanıb göz yaşı tökürlər. Həmin anda başa düşdüm ki, mənim onlara dərd verməyə onların qəlbini incitməyə haqqım yoxdur. Çünki mən valideynlərimdən özümə qarşı ancaq böyük məhəbbət görmüşdüm. Mən də onları çox sevirdim”. Sonrakı еtiraflarına görə, məhz həmin anda Nik intihar haqqında fikirlərindən birdəfəlik imtina etdi.
Valideynlərinin ona aldığı elektron əllər də kömək etmədi. Onlar uşaq üçün çox ağır idi, ona görə də Nik ancaq anadangəlmə onda olan sol "ayagının” köməyindən istifadə etməyə başladı.
Ancaq onun həyatı bundan sonra da asanlaşmadı. Valideynləri hökumətdən xahiş etdilər ki, Nik adi məktəbdə oxusun. Lakin həmyaşıdları və sinif yoldaşları onunla oynamaqdan imtina edirdilər. Doğrudan da, Nik heç nə edə bilmirdi: nə topu vura bilir, nə tuta bilir, nə də qaça bilirdi.