25-ci mövzu
YUMURTADAN YEMƏKLƏRİN
HAZIRLANMA TEXNOLOGİYASI
Yumurta - zərif, ləzzətli dada malik, yüksək kalorili qida məhsuludur. Yumurtanın tərkibində çox sayda xeyirli qida maddəsi - zülallar, yağlar, kalsium, fosfor, dəmir duzları və həmçinin A, D və B qrupu vitaminləri var.
Qida məhsulu kimi toyuq, qaz, hinduşka, ördək yumurtasından istifadə edilir. Amma yeyinti sənayesində, əsasən, toyuq yumurtasına üstünlük verilir, çünki su quşlarının yumurtası zərərli mikroorqanizmlərə yoluxmağa daha çox meyillidir.
Təzə yumurta orqanizm üçün çox xeyirlidir. Yumurtaları iki qrupa bölürlər: pəhriz (saxlama müddəti 5 günə qədər) və mətbəx (saxlama müddəti 30 günə qədər).
Qənnadı məmulatlarının hazırlanması üçün yalnız təzə yumurtadan istifadə edilir. Yumurtanın keyfiyyətini bir neçə üsulla təyin etmək olar.
1-ci üsul: 1 stəkan suda 1 xörək qaşığı xörək duzunu həll edir və yumurtanı suyun içinə salırlar. Təzə yumurta suyun dibinə düşür. Uzun müddət saxlanılan yumurta duzlu məhlulun içində üzür. İstifadəyə yararlı olmayan yumurta isə suyun üzünə çıxır (şəkil 1).
2-ci üsul: İşığatutma. Əgər yumurta təzədirsə, işığa tutub baxdıqda onun ağı aydın, sarısı isə çətinliklə görünür. Keyfiyyətsiz yumurtanın isə daxili görünmür, qaranlıq olur.
Qaynadılmış və yağda bişirilmiş yumurta süfrəmizin sevimli xörəyi kimi hər zaman arzuolunandır. Yumurtadan qənnadı məmulatlarının (tort, şirniyyat), soyuq qəlyanaltıların (salat, omlet) hazırlanmasında istifadə edilir. Xörəyə əlavə edilməmişdən əvvəl yumurtanı mütləq yumaq lazımdır (1 litr suya 2 xörək qaşığı çay sodası məhlulunda).