Texnologiya — insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir.
İnsan öz tələbatlarını ödəmək üçün əşyaları yaradır.
Lap qədimdən insana qida lazım olduğu üçün o, balıq tutmağı, taxıl əkməyi, çörək bişirməyi öyrəndi.
Müasir texnologiyalar — məhsulun emalı və hazırlanmasında bizə kömək göstərən kənd təsərrüfatı maşınları və yeyinti sənayesi üçün avadanlıq, qaz pilətələri, paltaryuyan maşınlar və sairədir.
Bir zamanlar insana pis havadan və arzuolunmaz təhlükələrdən qorunmaq lazım idi. Əvvəlcə o, dəyə qazmağı, sonra isə ev tikməyi öyrəndi. Sonralar müasir tikinti texnologiyalarının köməyi ilə çoxmərtəbəli binalar ucaltdı.
Zaman keçdikcə insan yük daşımaq və səyahət etmək üçün nəqliyyat texnologiyalarını da təkmilləşdirdi.
Siz nəqliyyatın hansı növlərini tanıyırsınız?Son zamanlar kommunikasiya texnologiyaları çox sürətlə inkişaf edir. Bunun nəticəsində biz istənilən informasiyanı uzaq məsafələrə ötürə və ala bilirik. Müasir kommunikasiya vasitələrinə televizor, radio, telefon, faks, elektron poçt və internet aiddir.
İnsan nə qədər yeni əşya yaradarsa, ona olan tələbat bir o qədər çox olar. Bu tələbatlar isə texnologiyanın inkişaf etməsinə səbəb olur.
Beləliklə, texnologiya dedikdə maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə və insanların tələbatlarını təmin etmək üçün bu proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşülür.
İstənilən məmulatın hazırlanması bir neçə mərhələdən keçir: məmulatın layihələndirilməsi, onun hazırlanması və istisman.
Heç vaxt məmulatı dərhal hazırlamağa tələsməyin. Əbəs yerə demirlər: “Yüz ölç, bir biç”.
Hər şeydən əvvəl, “hazırlanacaq” məmulatın eskizi, yəni layihəsi çəkilir. Gələcək məmulatın üstünlüklərini və çatışmazlıqlarını yazılı surətdə təhlil edin. Bu sizə ən səmərəli yolu seçməyə imkan verəcək.
Məmulatın seçilmiş variantı üçün texniki sənədləşmə (texniki layihələndirmə) işlənib hazırlanır. Sonra keyfiyyətli pəstahlar seçilir. Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Pəstahın ölçüsü detalın ölçüsündən böyük olmalıdır. Bir pəstahdan bir və ya bir neçə detal alına bilər.