QRAFİK SAVAD ELEMENTLƏRİ
1-ci mövzu
İNSAN HƏYATINDA TEXNOLOGİYA.
MƏMULATLARIN HAZIRLANMA MƏRHƏLƏLƏRİ
Bu dərsliyi siz masa arxasında və ya yumşaq divanda rahat oturub oxuyursunuz.
Oturduğunuz otağa və pəncərədən həyətə baxanda nə görürsünüz?
Otaqda masa üzərində kitablar var. Bayırda günəş işıq saçır və quşlar uçuşur, yağış və yaxud qar yağır. Küçədə avtomobillər hərəkət edir.
Bütün bunları iki qrupa ayırmaq olar. Birinci qrupa insan iştirakı olmadan baş verənlər - günəşin işıq saçması, quşların uçması, yağışın və ya qarın yağması və s. daxildir. İkinci qrupa daxil olanlar insan əməyinin məhsulu sayılan - otaq, masa, kitablar, pəncərə, küçə, avtomobillər və s. Həyatda mövcud olan varlıqları iki hissəyə ayırmaq olar. Birinci - təbiətin bizə bəxş etdikləri, ikinci - insan tərəfindən yaradılanlar. İnsan əli ilə gözəlləşən və daim yeniləşən dünyanın inkişafında texnologiyaların rolu əvəzsizdir.
Bəs texnologiya nədir?