Santimetrli lent (metrə) (şəkil 2, a) yumşaq və elastik olmalıdır, amma dartılmamalıdır. Metrədən ölçülərin götürülməsi və həmçinin parçanın uzununu, enini ölçmək üçün istifadə edilir.
Şəffaf kağız (kalka) (şəkil 2, b) ülgülərin köçürülməsi üçün istifadə olunur. Onu ayrı şəffaf materialla əvəz etmək olar (məsələn, polietilen plyonka).
Xətkeş (şəkil 2, c) tikilən məmulatın çertyojunu qurmaq, ülgünün üzərində qısa kəsikləri ölçmək, ilmələrin və tikişlərin emal paylarının nişanlanması üçün istifadə edilir.
Kağız üçün qayçı (şəkil 2, ç) ülgünün detallarını kəsib çıxarmaq üçün lazımdır.
Parça üçün qayçı (dərzi qayçısı) (şəkil 2,d) parçadan tikiş məmulatının biçilməsi üçün nəzərdə tutulub.
Sancaqlarla (şəkil 2, e) ülgünü parçaya bərkidir, parça qatlarını və tikiş detallarını sancaqlayırlar.
Dərzi təbaşiri ilə (şəkil 2, ə) biçmə zamanı ülgünün detallarını kontur boyunca nişanlayırlar.
Əl tikiş iynələri (şəkil 2, f) ilə tikmə və kökləmə aparılır. Bu iynələr müxtəlif uzunluq və qalınlıqda olur.
Tikdiyiniz parça nə qədər nazik olarsa, bir o qədər də nazik iynə lazımdır. Qısa tikiş addımı ilə tikmək üçün qısa iynələrdən istifadə edilir, uzun tikiş addımı ilə tikmək üçün isə (kökləmə zamanı) uzun iynə götürülür.
İynə hamar və düz olmalıdır. Paslı və ya ucu zədələnmiş iynə iş üçün yararsızdır. Belə iynə parçanı korlayır.