19-cu mövzu
ELEKTRİK ENERJİSİ
VƏ SADƏ ELEKTRİK DÖVRƏSİ
Bu gün elektrik enerjisi ən rahat və ucuz enerji növüdür. Müasir dövrdə həm məişətdə, həm sənayedə, həm də xalq təsərrüfatında elektrik enerjisindən istifadə edilir.
Müasir sənaye və məişət maşınlarının işləməsi üçün elektrik enerjisi mənbəyi lazımdır. Generator, qalvanik element, qalvanik elementlər batareyası, akkumulyator elektrik enerjisi mənbələridir (şəkil 1).
Şəkil 1. Elektrik enerjisi mənbələri: a - qalvanik element; b - qalvanik
elementlər batareyası; c - akkumulyator; ç - elektrik generatoru
Yüklənmiş hissəciklərin, yəni elektronların istiqamətli hərəkəti - elektrik cərəyanı, elektrik enerjisinin mənbəyi isə - cərəyan mənbəyi adlanır. İstifadə etdiyimiz elektrik enerjisinin əksər hissəsi elektrik stansiyalarında xüsusi elektrik generatorları ilə istehsal edilir.
Yanacaqdan və axar sudan əmələ gələn enerjini istehsalatda və məişətdə geniş ehtiyac duyulan elektrikə çevirən yerlər elektrik stansiyaları adlanır.
Azərbaycanda Mingəçevir Su Elektrik Stansiyası, Şirvan İstilik Elektrik Stansiyası və s. stansiyalar mövcuddur.