Pəstahların müəyyən radiuslu və 90°-lik bucaq əyilməsini dairəvi sağanaqlarda həyata keçirirlər. Əydikdən sonra ölçülərə şablonla nəzarət edirlər. Müəyyən radiuslu şablonları pərgar ilə qalın kağız, karton və ya plastik kütlə üzərində çəkir və qayçı ilə kəsirlər. Çevrəni dörd bərabər hissəyə kəssək, müəyyən radiuslu 90°-lik əyilmə bucağına nəzarət üçün şablon alınar.
Həncama və cəftə kimi detalları xüsusi əymə tərtibatlarında daha tez və dəqiq əymək olar (şəkil 2, ç).
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1. Metal təbəqələri yalnız əllik geyib təmizləyin, sonra əyin.
2. Əyiləcək pəstahları etibarlı bərkidin.
3. Təbəqələrin və məftillərin iti uclarına əllə toxunmayın.
4. Barmağınızı kəsilməkdən və çəkic zərbələrindən qoruyun.
PRAKTİK İŞ
NAZİK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN
TƏMİZLƏNMƏSİ, ƏYİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Metal pəstahın təmizlənməsi üçün üsul və alətləri seçin.
2. Təhlükəsiz iş qaydalarına riayət edərək lövhələrin və məftilin iti kənarlarını təmizləyin.
3. Müəllimin tapşırığı ilə və ya layihə üzrə bir məmulatı hazırlamaq üçün təbəqə metaldan və məftildən pəstahları nişanlayın və əyin.
4. Yumruağız kəlbətinlə məftildən halqalar düzəldin.