17-ci mövzu
NAZİK TƏBƏQƏ METALIN VƏ
MƏFTİLİN TƏMİZLƏNMƏSİ, ƏYİLMƏSİ
Metal lövhələrin və məftilin səthi çirkdən, rəngdən, pasdan və s-dən sumbata kağızı və ya cilalayıcı qəliblə təmizlənir.
Metal lövhə və məftil əvvəlcədən məngənədə bərkidilir, sonra onların iti kənarları xırda kərtikli yeyə ilə təmizlənir (şəkil 1).
Təmizlənən səth məngənənin dodaqlarından 5-8 mm hündürə çıxmalıdır.
Bəs metal lövhəni və məftili necə əymək olar?Pəstahı müxtəlif alətlərin (çəkic və s.) və ya xüsusi tərtibatların köməyi ilə əymək olar.
Bunun üçün metal lövhə və ya məftil nişanlama xətti boyunca dodaqlar səviyyəsində məngənədə bərkidilir və taxta tirciyə çəkiclə zərbələr vurularaq əyilir (şəkil 2, a). Düzbucaqlı, üçbucaqlı, dairə və digər formalı məmulatları müvafiq formalı sağanaqlarda əymək olar (şəkil 2, b).
Ensiz metal zolaqları və məftili yastıağız və ya yumruağız kəlbətinlə əyirlər (şəkil 2, c). Yumruağız kəlbətinlərdən məftili əyərək halqa şəklinə salmaq üçün də istifadə edilir.
Elastik polad məftil və lövhələr əyilib buraxıldıqda təkrar azacıq açılır. Buna görə də pəstahları bilərəkdən böyük bucaq altında əyirlər.