Şuruplama əməliyyatı burğu ilə şurupun başlığı üçün yuvanın açılmasından (şəkil 4) və vintaçanla şurupun burulmasmdan (bərkidilməsindən) ibarətdir (şəkil 5).
Hissələrin yapışqanla birləşdirilməsi
Oduncaq məmulatın detallarının əksəriyyəti yapışqanla birləşdirilir. Yapışqanlar təbii və sintetik olur. Sintetik PVA yapışqanı - ağ rəngli qatı maye şəklində olur və fırça ilə yaxılır. Məktəb emalatxanalarında PVA yapışqanından istifadə olunur.
Məktəb emalatxanalarında kazein və xarrat yapışqanlarından da istifadə edilir. Kazein yapışqanı sarımtıl rəngli tozdur. Onu suda həll edir və yaxşıca qarışdırırlar. Təzə hazırlanmış kazein yapışqanı 3-4 saat ərzində istifadəyə yararlı olur, sonra isə bərkiyir.
Yapışdırılmadan əvvəl detalların səthi yonqar tozundan və çirkdən təmizlənir. Yapışqanı çəkdikdən sonra onun oduncağa hopması və bərkiməsi üçün 2-3 dəqiqə gözləyib, sonra detalları bir-biri ilə birləşdirirlər. Yapışdırılan detalları verstakın sıxacında möhkəm sıxır və tam bərkiyənə qədər saxlayırlar (şəkil 6).