Burğunun işlək hissəsində iki əsas kəsən və iki spiralvari kəsən til olur. Kəsən tillərlə burğulama zamanı oduncağın lifləri kəsilir və onun yonqarı vintvari qanovlarla xaricə çıxır. Burğunun quyruq hissəsi onun əl drelinin və yaxud mexaniki əl drelinin patronuna bərkidilməsi üçündür (şəkil 3).
Əl dreli (şəkil 3, a) dayaqdan (1), fırlatma dəstəyindən (2), burğu (3) bərkidilən patrondan (4) ibarətdir. Mexaniki əl dreli (şəkil 3, b) dayaqdan (1), fırlatma dəstəyindən (2), tutma dəstəyindən (3), patrondan (4) və burğudan (5) ibarətdir. Mexaniki dreldə fırlanmanı dəstəkdən patrona ötürən dişli mexanizm var.
Burğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyin mərkəzini karandaş və ya biz ilə nişanlayırlar. Sonra drelin burğusunu pəstahın səthindəki qeyd olunmuş nöqtəyə düz bucaq altında qoyurlar. Sol əlin ovucu ilə drelin dayağını sıxır (əgər deşik əl dreli və ya mexaniki əl dreli ilə açılırsa), sağ əl ilə dəstəyi saat əqrəbi istiqamətində fırladırlar (şəkil 4).
İki tərəfi açıq deşiklərin burğulanması zamanı, burğulamanın sonunda burğunu deşikdən çıxardanda oduncağın sınıb qopmaması üçün dayağa təzyiqi azaldırlar.
Pəstahın altına, adətən, taxta qoyulur və vintli sıxac ilə o, verstaka bərkidilir. Belə olduqda, deşiklər hamar alınır və verstakın qapağı zədələnmir.