12-ci mövzu
ODUNCAĞIN ƏL ALƏTLƏRİ
İLƏ BURĞULANMASI
Burğulama - burğu vasitəsi ilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edir, fırlanaraq yonqarı çıxarır.
Deşiklər - iki və ya bir tərəfi açıq olur. İki tərəfi açıq deşiklər detal boyu deşilir (şəkil 1, a). Bir tərəfi açıq deşiklər isə müəyyən dərinlikdə açılır (şəkil 1, b). Adətən, en kəsikdəki deşiklər dairəvi olur. Amma en kəsikdə istənilən formalı - dairəvi, oval, kvadrat, düzbucaqlı, altıbucaqlı və s. deşik açmaq olar.
Burğu ilə dairəvi deşikləri asan və olduqca dəqiq burğulayırlar.
Burğuların ən geniş yayılmış növü spiralşəkilli burğulardır (şəkil 2, a). Onlardan müxtəlif materialların üzərində deşiklər açmaq üçün istifadə edirlər. Deşiyin burğulanması üçün həmçinin kəsicisi olan mərkəzvari (şəkil 2, b), şnekvari (şəkil 2, c), qaşıqvari (şəkil 2, ç) və s. burğulardan da istifadə olunur. Burğunun diametri (millimetrlərlə) onun milində qeyd olunur.