Şpon - xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır.
Soyulmuş şpon - soyma dəzgahında, fırlanan şalbandan (kötükdən) enli yonqarın iti bıçaqla kəsilməsi ilə alınır. Bu zaman şalban rulon kimi şpon lenti şəklində açılır.
Faneri almaq üçün şpon lentini müvafiq ölçüdə kəsir və quruducu kameralarda qurudurlar. Sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə, qonşu təbəqələrin lifləri perpendikulyar olmaq şərtilə, yapışdırıb presləyirlər.
Faner oduncaqdan möhkəmdir, çatlamır, yaxşı əyilir və asan emal olunur. Ondan evlərin tikintisində, mebel sənayesində və maşınqayırmada istifadə edilir.
Oduncaq yonqarlı plitələri (OYP) - yonqar, kəpək, oduncaq tozu halına salınmış oduncağın eyni vaxtda preslənməsi və yapışqanlanması yolu ilə alırlar. OYP 10-26 mm qalınlığında istehsal edilir. Bu material möhkəmdir, demək olar ki, əyilmir, kəsici alətlərlə yaxşı emal olunur.
Oduncaq lifli plitələri (OLP) (orqalit) - liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütləsinin təbəqə şəklində preslənməsi yolu ilə alınır. Orqalitin boz rəngdə düz və hamar səthi var.
Fanerin, oduncaq-yonqarlı və oduncaq-lifli plitələrin çatışmayan əsas cəhəti odur ki, onlar rütubətdən qorxur. Rütubətin təsiri altında faner laylara ayrılır, plitələr isə şişir və möhkəmliyini itirir.
PRAKTİK İŞ
ODUNCAQ MATERİALLARININ, MİŞAR MATERİALLARININ
VƏ ODUNCAĞIN NÖVLƏRİNİN TƏYİN EDİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. Mişar materiallarının nümunələrinə baxın və onların adını təyin edin.
2. Mişar materiallarında təbəqəni (layı), kənarı, til və en kəsiklərini (təpəni) tapın.
3. Faner, OYP, OLP nümunələrini təyin edin.