6-cı mövzu
AİLƏDƏ DAVRANIŞ VƏ ÜNSİYYƏT
MƏDƏNİYYƏTİ
Hər bir insan ailədə mədəni davranış və ünsiyyət qaydalarını bilməli və onlara riayət etməlidir.
Bəs bu qaydalar nədən ibarətdi?Ailə üzvlərinə hörmət və qayğı. İnsan həyatının böyük hissəsi ailədə keçir. Hər bir kəs xalqımıza məxsus ailə ənənələrini bilməli və həyata keçirməlidir. Ailə üzvləri ilə ünsiyyətdə “Sağ ol”, “Zəhmət olmasa”, “Bağışla” deməyi, evdən gedərkən və evə qayıdarkən xudahafizləşməyi və salamlaşmağı unutmayın. Valideynlərinizə mütləq hara getdiyinizi və nə vaxt qayıdacağınızı deyin. Əgər yubanırsınızsa, çalışın telefonla zəng edib harada olduğunuzu bildirəsiniz ki, yaxınlarınız narahat olmasın. Ailə üzvlərinizə hər an diqqət göstərin.
Əgər sizin kiçik qardaş və bacınız varsa, onlar üçün tez-tez kitab oxuyun, onları gəzintiyə çıxartmağa vaxt ayırın.
Evdə səliqəli geyinin, əşyalarınızı ətrafa səpələməyin. Nə qədər tələssəniz də, gedərkən qapını asta örtün. Radionun və ya televizorun səsini artırmayın.
Ailə üzvləri ilə necə salamlaşmaq lazımdır?
- Salamlaşma təbəssümlə müşayiət olunmalıdır.
- Salamlaşdığınız adamın gözlərinə baxmaq lazımdır.
- Əlləri cibində və dolu ağızla salamlaşmaq olmaz.
- Tələsik salamlaşmaq olmaz.
- Səhərdən saat ll:00-a qədər “Sabahınız xeyir!”, ll:00-dan axşam üstünə qədər “Günortanız xeyir! ”, axşam isə “Axşamınız xeyir! ” demək lazımdır.
- “Sağ olun! ”, “Gecəniz xeyrə qalsın!” - deyib sağollaşmaq olar.
Ailədə iş bölgüsü. Ev işləri yaşı və sağlamlığı imkan verən bütün ailə üzvləri tərəfindən görülməlidir. Ailədə birinin işləmək istəməməyi mütləq digəri üçün narahatlıq yaradacaq.
Daimi işlər - ailə təsərrüfatında hər gün təkrarlanan işlər qida məhsullarının alınması, xörəyin hazırlanması, mənzilin yığışdırılması, qab-qacağın yuyulmasıdır. Kənd sakini üçün bu, həmçinin ev heyvanlarına və quşlara qulluq, torpaq sahəsində iş və s-dir.
Müvəqqəti işlərə - məişət avadanlığının təmiri, sənaye mallarının alınması, xəstələrə qulluq, qohumlara və dostlara kömək, qonaqların qarşılanıb və yola salınması və s. aiddir.