Çertyojda ölçülər millimetrlərlə göstərilir. Çertyoj qalın kağızda (yatmanda) adi karandaşla yerinə yetirilir.
Yığma çertyojlarda məmulatın və detalların adı, miqyası və materialı haqqında məlumat xüsusi cədvəldə - spesifikasiyada qeyd olunur. Bu cədvəl çertyojun, eskizin və ya texniki təsvirin sağ aşağı küncündə verilir.
Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini göstərən ədəd miqyas adlanır.
Standartlara görə aşağıdakı miqyaslar təyin olunmuşdur: təsviri kiçiltmək üçün 1:2 (2 dəfə), 1:4 (4 dəfə), 1:5 (5 dəfə); təsviri böyütmək üçün 2:1,4:1, 5:1 və s., natural ölçü 1:1.
Məmulatın təsviri üzərində ölçülər millimetrlərlə göstərilir. Bu ölçülər realdır (kiçildilmiş və ya böyüdülmüş deyil).
Məmulatın çertyojunu oxumaq - onun adını, formasını, ölçülərini, materialını və miqyasını, eləcə də bu məmulatın təşkil olunduğu detalların sayını və onların birləşmə növünü təyin etmək deməkdir.
Bütün çertyojları əl ilə və ya kompüterin köməyi ilə xüsusi proqram üzrə yerinə yetirmək olar.
PRAKTİK İŞ
MƏMULATIN QRAFİKİ TƏSVİRİNİN OXUNMASI
İşin yerinə yetirilmə qaydaları:
1. Təqdim olunan məmulat təsvirinin nəyə aid olduğunu (eskizə, texniki rəsmə və ya çertyoja) təyin edin.
2. Məmulatın adını, formasını, ölçülərini və materialını təyin edin.
3. Məmulatm ölçülərindən birini məmulat üzərində və onun təsvirində xətkeşlə ölçün. Təsvirin miqyasını hesablayın. Gördüyünüz işin nəticələrini dəftərinizə yazın.