Əvvəlcə, yaradıcı işlər üçün məkanı: sinif, foye və ya zal olacağını müəyyənləşdirməli və onların mövzusunu, ölçüsünü dəqiqləşdirməlisiniz. Məsələn, dərslikdəki bölmələr əsasında məktəb divarlarını bəzəyən dekorativ pannolar hazırlaya bilərsiniz. Yoldaşlarınızla bunu müzakirə edin — hər qrup istədiyi bölmə üzrə panno yarada bilər.
Yaradıcılıq prosesi zamanı — ideyanın yaranması və onun həyata keçirilməsi, əməkdaşlıq — ən vacib və məsuliyyətli anlardan sayılır. Yaradacağın dekorativ pannonun uğuru məhz bu amillərdən asılıdır. Burada yerləşdiriləcək işlər xalq yaradıcılığı və müasir sənətə aid ola bilər.
Bir sözlə, məktəb interyerindəki sərginin ümumi görünüşünə xüsusi diqqət yetirin.
Sərgidəki ekspozisiyaların yerləşdirilməsində sizə təsvir qaydaları yardımçı olacaq: simmetrik və ya asimmetrik yerləşdirmə, rəsm və əşyaların düzülüşündə kompozisiya qanunları, ümumi rəng koloritinin təsiri, ekspozisiyanın məzmunu. Ətrafdakı məkan və sərgi arasındakı tarazlığı, işıqlandırma elementlərini nəzərə almaq çox vacibdir.