Texnologiya və material. Öncədən çəkilmiş eskiz, fikir və ideya, eyni zamanda avadanlıq və material qobelenin toxunması üçün zəruri olan şərtlərdir. Qobelen toxuculuq dəzgahında hazırlanır. Rəssamın hazır karton eskizi dəzgaha yerləşdirildikdən sonra qobelen yun və kətan iplərlə sadə keçirmə üsulu ilə toxunur. Bu gün qobelenlə işləyən rəssamlar sintetik ip, qaytan, metal sap, məftil, dəri parçaları, ağac və at tüklərindən də istifadə edirlər.
Təsvir və rəng. Qobelen toxuyan rəssam üçün rəngli saplar, keramika rəssamı üçün gil, metal rəssamı üçün dəmir, şüşə rəssamı üçün şüşə kütləsi qədər əhəmiyyətlidir. Müəllif qobeleni yaradarkən məharətli toxucu, rəngkar kimi rəngli saplarla sanki “təsvir edir”, heykəltəraş kimi saplarla sanki relyefli həcm “yapır”, interyerin tərtibatına gəldikdə isə o, memar kimi düşünür. Qobelendə sapların qalınlığı, keyfiyyəti, rəng çaları, naxışı, müxtəlif materialların bir-birinə uyğunluğu rəssam üçün böyük məna daşıyır.
Keramika, şüşə və metal məmulatı kimi qobelen də müasir interyerin tərtibatına xidmət göstərir. O, yalnız divarları bəzəmir, həm də interyerin obrazını yaradaraq, onun ovqatını müəyyən edir.
Yaradıcı fəaliyyət. Qobelen xalçanı çəkməyə çalışın. Onun məzmunu süjet və ya ornamental kompozisiya ola bilər. Qabarıq fakturanı göstərmək üçün vərəqin nahamar olmağı üçün altına relyefli karton, müşəmbə də qoya bilərsiniz. Qobelendə xətt, forma, ritm və rəng uyğunluğunu göstərməyi unutmayın. Sonda divardan asmaq üçün çərçivənin də düzəldilməsi onu tamamlayardı.
|
Müasir qobelen sənətinin əsas mərkəzlərindən biri əsrlər boyu xalçaçılıq ənənələri ilə zəngin olan Fransadır.