Rəssam təxəyyülü onu fərqli obrazlar yaratmağa və yeni texnoloji üsullar axtarmağa sövq edir. Müasir rəssam metal kimi “çətin” materialdan da əsərlər yaradır. O, döymə, tökmə, basmanaxış, qaynaq kimi müxtəlif texnika və onun emaletmə üsullarından istifadə edir.
Bədii metal əsərlər sərgi ekspozisiyasının fraqmenti və nümunələri
Yaradıcı araşdırma: bədii metal — forma və siluet
Metalla iş ustadan “möhkəm” əl və “dəmir” iradə tələb edir. Bədii döymə üsulundan istifadə edərkən rəssam, təxəyyülündə canlanan obrazı çox zaman öz əlləri ilə yaratmalı olur.
Közərmiş dəmir parçası bir göz qırpımında sobadan birbaşa zindan üzərinə qoyularaq döyəclənir, — zərbələr bir-birini əvəz edir və dəmir parçası tədricən məmulatın formasını almağa başlayır. Dəmir hələ isti ikən, işi başa çatdırmaq lazımdır. “Dəmiri isti-isti döyərlər” atalar sözünü xatırlasanız, bu işin nə qədər çətin olduğunu anlayarsınız.