Terrakota. Keramikaçı rəssamı terrakota adlanan və “qovrulmuş torpaq” mənasını bildirən, bişirilmiş adi gilin təbii rəngi də cəlb edir. O, həm də bütöv kompozisiyalar yaradır. Bəzən bir əşyada öz fikrini çatdıra bilməyəndə bir neçə əşyanı vahid kompozisiyada birləşdirərək ansambl yaradır. Rəssam əşyanın bədii obrazını yaradarkən fakturadan da istifadə edir.
Bəzən keramikaçı rəssamlar yaratdıqları məmulatları bilərəkdən əyri və əzilmiş formada, üzərində cızıq və çatlar qoyaraq göstərməyə çalışırlar. Bu, formanı daha da ifadəli göstərməyə kömək edir.
Müasir keramika sənəti olduqca rəngarəngdir və hər zaman yeni görünüşü ilə müasir seyrçini heyran edir.
Yaradıcı fəaliyyət. Keramika növlərindən olan mayolika və terrakota məmulatlarını düzəltməyə çalışın. Xalq sənətinin qədim obrazlarını qeyri-adi müasir formalarda göstərə bilsəniz, o, olduqca zövqlü və mənalı görünəcək. Bu əşyalardan həm də bütöv kompozisiya — ansambl yaratmaq olar. Məmulatın rəngini də müəyyən etməyi unutmayın. Əgər düzəltdiyiniz “əsər”in üzərini quaşla bəzəsəniz, özünüzü əsl mayolika sənətkarı kimi göstərmiş olarsınız.
|
Keramika — gildən hazırlanmış dulusçuluq məmulatları (saxsı istehsalı).
Mayolika — bişirilmiş, rəngli və üzəri şirlənmiş qab və genişməsaməli gildən hazırlanmış məmulat.
Terrakota — bişirilmiş sarı, yaxud qırmızı gil məmulat.
Çini (farfor) — yarımşəffaf keramika (Çin gili — bişirildikdən sonra təmiz ağ rəngdə olur).
Saxsı (fayans) — adi gildən hazırlanmış, üzərinə şir çəkilmiş məmulat.