Heykəltəraşlıqda, adətən, möhkəm materiallardan istifadə olunur (daş, mərmər, qranit, ağac, metal, bəzən də gil, terrakota, mayolika, fayans). Heykəltəraşlığın əsas obyekti — insandır, nadir hallarda heyvan və ya əşyalar da təsvir olunur. Dəyirmi heykəl həcmlidir və seyrçi kimi məkanda mövcuddur. Onun ətrafına dolanaraq hər tərəfdən baxmaq olar və o, hər dəfə müxtəlif cür görünəcək. Relyef təsvir isə müstəvi üzərində yaradılır, qabarıq və ya oyuq olur.
Heykəltəraş İbrahim İsmayıl oğlu Zeynalovun (1934-2008) yaratdığı monumental heykəl, büst-portret əsərləri dövrünün dəyərli əsərlərindəndir. 20-ci əsrin ikinci yarısından onun yaradıcılığında tarixi şəxsiyyətlər — Ə.Naxçıvani, İ.Nəsimi, Ş.İ.Xətai, M.F.Axundzadə, M.Ə.Sabir, N.Nərimanov və H. Z.Tağıyevin obrazları heykəltəraşlığımızın inciləri hesab olunur. Bu əsərlər forma plastikliyi, milli koloriti ilə seçilir.
Orta əsr filosof-şairi İ.Nəsiminin obrazında dalğınlıq və sakitlik yalnız zahiri görünüşdür: əllərini arxasında çarpazlayıb, qamətini məğrurcasına dikəltmiş şairin duruşu, uzaqlara dikilmiş düşüncəli baxışları onun alicənab daxili aləmindən, möhkəm iradəsindən xəbər verir. Sakit əzəmətə və təmkinli qətiyyətə malik insan obrazından bəhs edir. Tuncdan hazırlanmış bu abidənin materialı şairin iradəsi kimi möhkəmlik simvoludur.
|