Qrafikanın əsas sahələrindən biri olan plakat — mətnlə müşayiət olunan, yığcam, nəzəri ilk baxışdan cəlb edən, böyük formatlı təsvirdir. Plakat, əsasən, məlumat və ya təbliğat xarakteri daşıyır. Obrazın ifadəliliyi, hamının başa düşəcəyi simvollar, kontur və ya siluetlə çəkilən təsvirlərdəki mətn — plakatın əsas əlamətləridir. Böyük rəng ləkələri, kontrast rəng çalarları plakatın dekorativ və emosional xüsusiyyətidir. Rəngin özü bəzən mövzunun simvoluna çevrilir.
Azərbaycan sənətkarları da yaşadıqları dövrün hadisələrini təsvir edən plakatlar yaratmışlar. Rəssam Elmira Şahtaxtinskayanın plakat sahəsində yaratdığı əsərlər ölkəmizin tarixi salnaməsidir. Tariximizi, mədəniyyətimizi əks etdirən plakat silsiləsində rəssam ölkəsinin obrazını yaratmağa nail olmuşdur.
“Azərbaycan — qədim mədəniyyətin mərkəzidir” — silsilə plakatları Qobustan qayaüstü yazılarını əks etdirən plakatdan başlayır.
Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, Urməvi, Bəhmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Sultan Məhəmməd və digərlərinin portret-plakatları — müxtəlif dövrlərdə yaşayıb-yaratmış tarixi şəxsiyyətlərin obrazı — plakat sənətinin tükənməz imkanlara malik olduğunu göstərir.
|
Plakat (almanca “plakat”, fransızca “placard” — elan, afişa. “Plaquer” sözündən götürülüb — yapışdırmaq mənasında işlənir) — İngiltərə və ABŞ da “poster”, Fransada “affich”- afişa adlanır. |