Məktəbli dost!
Dekorativ-tətbiqi sənət haqqında dərslik qarşınızdadır. O, sizə dekorativ- tətbiqi sənətin ecazkar dünyasını kəşf etməyə yardımçı olacaq: bu sənətin nə üçün dekorativ və nə üçün tətbiqi adlandığını başa düşəcəksiniz. Hər bir insan ömrü boyu bu sənət əsərlərinin əhatəsindədir. Bu səbəbdən də onu bilməyə və anlamağa dəyər.
Dərsliklə işləyərkən müxtəlif cəmiyyətlərdə dekorativ-tətbiqi sənətin nə üçün qədim zamanlardan yaranıb inkişaf etdiyini öyrənəcəksiniz.
Bu sənətdə bədii dilin nə üçün şərti olduğunu, onun rəsm və illüstrasiyadan nə ilə fərqləndiyini, ümumiyyətlə, incəsənət dilinin nə olduğunu biləcəksiniz.
4-cü sinifdə olduğu kimi, bu il də doğma yurdumuzun, müxtəlif ölkə və xalqların incəsənətilə yaxından tanış olacaqsınız.
“Xalq sənətinin yaradıcılıq mənbəyi” bölməsində dekorativtətbiqi sənətin bədii şərtilik, ornamentlərlə zəngin olan obrazlı dilinin xüsusiyyətləri ilə tanış olacaqsınız.
“Ulu irsimiz — xalq geyimləri və Azərbaycan xalçaları” adlanan ikinci bölmədə varislik ənənələrinin qorunub saxlanmasını öyrənəcəksiniz.
“Dekor — insan, cəmiyyət, zaman” adlanan üçüncü bölmə — sizə müxtəlif dövr və cəmiyyətlərdə dekorativ- tətbiqi sənətin mahiyyətini anlamağa yardımçı olacaq.
Ümid edirik ki, bu dərslik sizin dekorativ-tətbiqi sənət aləmi ilə ünsiyyətinizi daha əhəmiyyətli edəcək, incəsənətin rəngarəng dünyası haqqında biliklərinizi daha da zənginləşdirəcəkdir.