İncəsənət əsərləri yarandığı dövrün hadisələrini, insanların məişət və mədəniyyətini əks etdirən “sənəddir”. Rəssamın yaşadığı və yaratdığı dövr, obraz və mənəvi dəyərlər rəngkarlıq və qrafika əsərlərində bizə gəlib çatır.
Rus rəssamı, knyaz Qaqarin Qriqori Qriqoryeviç (1810-1893) Qafqaza həsr olunmuş əsərlərində yurdumuzu, insanların həyat tərzini təsvir etmişdir. O, həm də memar kimi fəaliyyət göstərmişdir: Tiflis şəhərində “Sioni” məbədi onun layihəsi əsasında tikilmişdir (1853). Bu məbədin divar rəsmlərini də Q.Qaqarin özü çəkmişdir.
Parisdə çap etdirdiyi (1847) “Səfalı Qafqaz” və “Qafqaz kostyumları” adlı albomların ilk nəşrləri 19-cu əsrdə Qafqazda yaşayan xalqların etnoqrafiyasının tarixi salnaməsidir.
1859-1872-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan sənətkar incəsənət tədqiqatçılığı, monumental rəngkarlıq, memarlıq və kitab illüstrasiyası sahəsində müxtəlif dəyərli əsərlər yaratmışdır. İstedadlı rəssamın yağlı boya, qrafika və akvarellə işlədiyi təsvirlər “Rus muzeyi” və “Tretyakov qalereyası”nda saxlanılır.
|