Elə incəsənət əsərləri var ki, öz dövrünün simvoludur. Onları yaradan isə rəssamdır. Rəssamın yaratdığı insan obrazı, yaşadığı dövrün hadisələri rəngkarlıq, qrafika, heykəltəraşlıq və memarlıq nümunələrində canlanır. İfadə üslubuna görə onların öz dili var. Müxtəlif ifadə üslubu olan bu əsərləri isə bir cəhət birləşdirir — yaradıcılıq.
Orta əsr Şərq əlyazmalarını bəzəyən təsvirlər — miniatür adlanır. Qrafika və rəngkarlığın uğurlu sintezindən yaranmış bədii üslubdur. İllüstrasiya kimi, miniatürdə də əlyazmalardakı mətnin məzmunu təsvir edilərdi.
Naxışların kompozisiya zənginliyi, lirik mənzərələr, incə xətt və formaların ritmi, kolorit ahəngdarlığı, obrazların dekorativliyi miniatürə xas olan cəhət idi.
Miniatür sənəti — saray sənəti də adlanardı. Çünki əlyazma kitabların miniatürlərlə bəzədilməsi, əsasən, padşah və şahzadələrin sifarişi olardı.
Orta əsrin mədəniyyət mərkəzi olan Təbriz şəhərində yaşayıb-yaradan miniatürçü-rəssam Sultan Məhəmməd Nizaməddin (1470-1555) şah kitabxanasında baş rəssam idi. Onun əsərləri kompozisiya dinamikliyi, koloritin dekorativliyi, incə harmoniyası ilə fərqlənərdi.
Miniatür (latınca — minium, qırmızı rəng deməkdir) — kiçikölçülü rəsmlərə deyilir. Orta əsr əlyazma kitablarında birinci sətri və baş hərfi fərqləndirmək, bəzəmək zərurətindən yaranıb. Keçmişdə birinci sətri və ya baş hərfi, adətən, qırmızı rənglə fərqləndirərdilər. Sulu boyalardan istifadə olunaraq çəkilərdi. |