Təbiətin obrazı, insanın məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsusiyyətləri eynidir — istifadədə rahatlıq, gözəllik və rəngarənglik.
Xalq geyimlərinin müxtəlifliyi
Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rəngarəngliyi ilə əlvan dağ çiçəklərini, yamacların yaşıllığını, qürub çağının al-qırmızı rənglərini xatırladardı.
Qadın üst geyiminin əsas cəhəti onun çoxqatlı (üst-üstə) və qırçınlı olması idi, üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, kürdü, küləcə və eşməkdən ibarət olardı. Məxmər, tirmə, ipək, atlaz və zərxara parçalardan tikilərdi. Ağ, qırmızı, göy, sarı, yaşıl və tünd rənglər daha çox istifadə olunardı.
Qadın geyimində bəzək və zinət əşyaları da mühüm rol oynayardı. Nəsillərdən nəsillərə ötürülən bu məmulatlar ailəyə məxsus idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi.
Sinədən asılan həmayil xüsusi əhəmiyyət kəsb edərdi: bəzəyə oxşasa da, onun əsas funksiyası bədnəzərdən qorumaq idi. Həmayili, ən qiymətli miras kimi nəsildən-nəslə töhfə verərdilər.