Tarixi və mədəni irsimizi qoruyub saxlayan muzeylərimizə səyahət edək. Milli Azərbaycan Tarixi Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yurdumuzun bütün dövrlərinə aid maddi-mədəniyyət abidələrinin toplandığı, öyrənildiyi və nümayiş etdirildiyi məkandır.
Yaranma tarixi. Milli Azərbaycan Tarixi Muzeyi məşhur neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi və yaşadığı sarayda yerləşdirilmişdir. Muzey ilk tamaşaçılarını 1921-ci ildə qəbul etmişdir.
İlk dövrlərdə muzeyin tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili şöbələri, həmçinin qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi.
Arxeologiya fondunda ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixi öyrənilir. 80 mindən artıq materialın toplandığı bu fondda — daş, mis-daş, tunc, ilk dəmir, antik və orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri qorunur və nümayiş etdirilir.