Muncuqtikmə. Rəngli ipək sap və qaytanlardan (buruqlu sap) əlavə, digər materiallar — tozmuncuq, pilək, mirvari ilə də əşyaların üzərini bəzəyərdilər. Sıra ilə sapa düzülmüş rəngarəng muncuq zərrəcikləri parça üzərində sayrışan ulduzlara bənzəyər, istənilən silueti canlandırardı.
Piləktikmə üsulunda dairəvi metal lövhəciklər parçada çəkilmiş naxış üzərinə tikilərək onun formasını təkrarlayır. Nəbati motivlər, müxtəlif quş və heyvan, bəzən isə əfsanəvi məxluq olan əjdaha təsviri piləktikmə naxışlarının əsas motivləridir.
Yaradıcı fəaliyyət. Tikmə növlərindən birinin eskizini hazırlayın. Ona xas olan əlamətləri göstərməyi unutmayın. Tikmənin digər növləri haqqında məlumat toplayın. Tanış olduğunuz tikmələrin oxşar və fərqli cəhətini izah etməyə çalışın.
Muncuqtikmə və piləktikmə üsullarının əsas xüsusiyyətləri hansılardır? Qapalı və açıq kompozisiyalara harada rast gəlmək olar? |