Məğrur siluetli bürünc dolça üzərində tovuz quşu təsviri, dimdiyə oxşayan boğaz - forma və obrazın vəhdətinə əsl nümunədir. Quş obrazı sanki qabda olan bərəkətin sayıq keşikçisidir.
Sini ilə sərpuş süfrəyə gələrsə, deməli, ailədə əlamətdar hadisə baş verib. Elimizin şah xörəyi — plov bu qabda sürfəyə gələrdi. Mis məcməyi qapağının forması döyüşçü dəbilqəsini xatırlatsa da, üzərindəki dekor əmin-amanlıq, bərəkət elementləri ilə bəzənib.
Yaradıcı fəaliyyət. Qədim qablardan ibarət natürmort çəkin. Əvvəlcə onların formasını fikirləşin, sonra dekoru formaya uyğunlaşdırın. Çəkəcəyiniz qabın hansı materialdan olduğunu göstərməyə çalışın. Onların aşağıda verilmiş siluet formalarından da istifadə edə bilərsiniz.