Dağ döşünə və yamaclara səpələnən alaçıq, çovustan, koma, daxma el içində daha bir adla çağırılardı: doğma ocaq. İnsan üçün doğma ocaq — doğma torpaq, xeyirxahlıq, güzəran anlayışları kimi yaxın idi. Evin daxilində — interyerində qayda-qanun yaratmağa çalışan insan, onu mənalı edən obrazlarla bəzəyərdi.
Tanış olun: daxma interyerindəki elementlər
Divarlarda xüsusi oyuqlar — düzbucaq, piramida və ya oval formalı taxça və rəflər daxma interyerində mebeli əvəz edərdi.
Taxçalardan tikmə ilə bəzədilmiş pərdələr asılardı. Mütəkkə və döşəkçələr, palaz və kilim, çıraq və bərəkət sayılan çörək boğçası, sandıq, cəhrə, hana, beşik və qab-qacaqların daxmada öz yeri olardı.