Bəs Veb-də yerləşdirilmiş informasiyalara necə baxmaq olar? Veb-səhifəni yükləmək üçün proqrama onun ünvanını bildirmək lazımdır. Brauzerin ünvan zolağına hər hansı saytın ünvanını yazıb <Enter> klavişini basan kimi ekranda tələb olunan səhifə əks edilir. Bu zaman həmin saytın faktik olaraq harada – Azərbaycanda, ABŞ-da, yaxud Avstraliyada olmasının heç bir önəmi yoxdur.
Təhsil Nazirliyinin rəsmi veb-saytı http://www.edu.gov.az ünvanında yerləşir. Ona baxmaq üçün brauzerin ünvan zolağında həmin sətri yığıb <Enter> klavişini basmaq lazımdır. Əgər sayt açılmasa, çox güman ki, ünvan düzgün yığılmayıb: ünvan dəqiq göstərilməlidir, cizgi sola deyil (\), sağa əyik (/) olmalıdır. Əksər halda http:// önlüyünü yığmağa ehtiyac yoxdur. Məsələn, sadəcə, www.edu.gov.az yazmaq olar.