Siz əvvəlki dərslərinizdə mətn redaktoru, qrafik redaktor, ALPLogo proqramlaşdırma mühiti və başqa proqramlarda işləmisiniz. Bu sadaladığımız proqramlar da informasiya resurslarıdır və onlar sizin kompüterinizdə saxlanılır. İnternet isə sizə dünyanın müxtəlif yerlərindəki kompüterlərdə saxlanılan resurslardan istifadə etmək imkanı verir. Bunun üçün İnternetin müxtəlif xidmətləri var. Onlardan ən geniş istifadə olunan xidmət Dünya hörümçək toru (World Wide Web, www), yaxud Veb adlanır. Dünya hörümçək toru veb-səhifələr adlanan fayllar yığınından ibarətdir. Veb-səhifələrdə məlumatlar və başqa səhifələrə istinadlar olur. İstinadı çıqqıldatdıqda başqa səhifəyə keçilir. Bir-biri ilə əlaqəli veb-səhifələr veb-sayt əmələ gətirir.
İstinadı müəyyən etməyin ən etibarlı yolu siçanın göstəricisini obyektin üzərinə gətirməkdir. Belə ki, istinadın üzərində olduqda göstərici şəhadət barmağı açılmış sağ əl ( ) şəklini alır.
Veb-saytlara baxmaq üçün xüsusi proqramlardan – brauzerlərdən istifadə olunur (“brauzer” termini ingilis dilində “gözdən keçirmək” mənasını verən “to browse” sözündən yaranıb). Internet Explorer, Mozilla Firefox, Opera, Google Chrome kimi brauzerlərdən geniş istifadə olunur.
Brauzer başladıldıqdan sonra ekranda hər hansı saytın birinci səhifəsi – başlanğıc səhifə açılır.