Əgər kompüter İnternetə bağlanmışsa, onun imkanları qat-qat genişlənir. İnternetə bağlanmış kompüterdən aşağıdakı işlər üçün də istifadə etmək olar.
Kitabxana. İnternetdə istənilən mövzuda çoxlu sayda kitab – dərsliklər, dərs vəsaitləri, bədii ədəbiyyat, ensiklopediyalar, lüğətlər tapmaq olar. Tapdığınız materialları öz kompüterinizə köçürə bilərsiniz.
Mağaza. İndi mağazalarda satılan malları İnternetdən də almaq olar. Bunun üçün elektron ödəniş edilir.
Ünsiyyət. İnsanların bir çoxu İnternetdən dostlarına, qohumlarına məktub göndərmək, onlarla danışmaq üçün də istifadə edir. Bu zaman şəxsin dünyanın hansı yerində olmasının fərqi yoxdur.
Əyləncə. İnternetdə cürbəcür oyunlar var. Belə oyunları dünyanın müxtəlif yerlərində yaşayan oyunçularla oynamaq olar.
Bəs İnternetə necə bağlanmaq olar? Bunun bir neçə yolu var: telefon xətti ilə, peyk kanalı və rəqəmli kabel televiziyası vasitəsilə. Bu yollardan ən geniş yayılmışı telefon xətti ilə olan bağlantıdır. Bunun üçün öncə İnternet xidmətini təmin edən şirkəti – provayderi seçmək lazımdır. Provayder istifadəçinin kompüterini rabitə xətti vasitəsilə özünün mərkəzi kompüterinə bağlayır.