İnsanların müxtəlif ehtiyacları var. Bu ehtiyacların ödənməsinə xidmət edən hər şey – yemək, enerji, əmək alətləri, faydalı qazıntılar, informasiya və başqa obyektlər resurs adlanır.
“Resurs” fransız sözü olub “yardımçı vasitə” deməkdir.
Resursları iki qrupa ayırırlar: maddi və qeyri-maddi resurslar. Maddi resurslar hər hansı maddədən olub formaya, rəngə, qoxuya malik ola bilər. Qeyri-maddi resursların isə belə xassələri olmur. Onların əsas hissəsini bəşəriyyətin topladığı bilik və mədəniyyət təşkil edir.
Ən vacib qeyri-maddi resurslardan biri informasiya resurslarıdır. İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda saxlanılan biliklərdir.
İnformasiya resursu bir şəxsə və ya quruma, şəhərə və ya bölgəyə aid ola bilər. Məsələn, bütün dünyadan toplanan informasiya dünya informasiya resursu hesab olunur. Başqa sözlə, dünya informasiya resursları dedikdə, ayrı-ayrı dövlətlərin informasiya resurslarının toplusu nəzərdə tutulur.
Hər dəfə qəzet, yaxud jurnal aldıqda siz informasiya resursu əldə edirsiniz. Əgər orada beynəlxalq aləmdən informasiya dərc olunubsa, həmin resursu dünya informasiya resursu hesab etmək olar.
İnformasiya resurslarını müxtəlif cür – təqdimolunma formasına, istifadə məhdudiyyətinə, daşıyıcılarına, mövzulara görə qruplaşdırmaq olar.
Təqdimolunma formasına görə mətn, qrafik, səs və başqa informasiya resurslarını fərqləndirirlər.
Daşıyıcılarına görə informasiya resurslarını kağızda, diskdə, maqnit lentində, kompüterin yaddaşında saxlanılan resurslara ayırmaq olar.