Bağanın ilkin komandaları çox sadədir: irəli, geri, sağa, sola. Bu komandalardan xətlər, fiqurlar çəkmək üçün də istifadə etmək olar. Bunun üçün qələmiendir və qələmiqaldır komandaları nəzərdə tutulub; qələmiendir komandasından sonra hərəkət zamanı Bağa iz qoyur. Yenidən izsiz hərəkət etməsi üçün ona qələmiqaldır komandası verilməlidir.
Başlanğıc halda Bağanın qələmi qalxmış vəziyyətdə olur və yönü yuxarıyadır. Proqramın istənilən yerindən Bağanı ilkin vəziyyətə qaytarmaq üçün ilkinvəziyyət komandası nəzərdə tutulub. Bağa ilkinvəziyyətə qayıtdıqda onun iş sahəsində əvvəl çəkdiyi şəkil yerində qalır.
İş sahəsini təmizləmək lazım gələrsə, bu halda sil komandasından istifadə etmək olar. Bağanın addımları çox kiçikdir – ekrandakı iki qonşu nöqtə arasındakı məsafəyə bərabərdir. Ona görə irəli1 komandasının nəticəsi gözlə hiss olunmaya da bilər.
Əgər iş sahəsində sınıq xətt çəkmək lazımdırsa, Bağanın istiqamətini dəyişmək lazım gələcək. Onun üçün sağa və ya sola komandalarından istifadə edilir.
Bucağın nə olduğunu, yəqin ki, bilirsiniz. Bağanın dönmə bucağı 0-dan 360 dərəcəyə kimi ola bilər.