Kompüterin özü də bir icraçıdır. İnsanın düzəltdiyi başqa icraçılardan fərqli olaraq, onun komandalar sistemi çox genişdir. Kompüterə verilən komandalar toplusuna proqram deyilir. Başqa sözlə, hər hansı işi görmək üçün alqoritm kompüterə proqram şəklində verilir. Beləliklə, söz, cədvəl, şəkil, sxem formaları ilə yanaşı, proqram da alqoritmin təqdimolunma formalarından biridir.
Bəs proqramı hansı “dildə” vermək lazımdır ki, kompüter onu başa düşsün? Bunun üçün xüsusi dillər – proqramlaşdırma dilləri var.
LOGO proqramlaşdırma dili də belə dillərdən biridir. Bu dildə işləmək elə oyuncaq maşını idarə etməyə bənzəyir.LOGO dilini ALPLogo mühitində öyrənəcəyik. ALPLogo-da komandaları Bağa icra edəcək. Bağa onun üçün ayrılmış iş sahəsində hərəkət edir. O sizin komandanızla qələmini endirib-qaldırmaqla iş sahəsinin istədiyiniz yerində cizgilər çəkə, yazı yaza bilir.
ALPLogo proqramlaşdırma mühitinin baş pəncərəsində üç xüsusi hissə var: proqram sahəsi (Kod bölümü), iş sahəsi (Qrafika bölümü) və bildirişlər sahəsi (Mesaj bölümü). Proqram sahəsi, əslində, sadə mətn redaktorudur.