Mətn redaktorunda mətnə şəkil, cədvəl və başqa elementlər də əlavə etmək olur. Belə elementlər əlavə edilmiş mətn sənəd adlanır. Kompüterdə sənədin hazırlanması bir neçə mərhələdən keçir: mətnin daxil edilməsi (yığılması), redaktə olunması, formatlanması, yaddaşda saxlanması, yaxud çap edilməsi. Bu işlərin bəziləri ilə aşağı siniflərdən tanışsınız.
Mətn, adətən, kompüterə klaviatura vasitəsilə daxil edilir. Mətnin daxil edilməsi zamanı növbəti simvolun yeri ekranda yanıb-sönən şaquli cizgi – kursor vasitəsilə göstərilir. Kursoru sağa, sola, aşağı, yuxarı hərəkət etdirmək üçün klaviaturanın ox klavişlərindən istifadə olunur.
Mətn redaktorunda çox zaman işin son nəticəsi mətnin kağıza çap olunmasıdır. Sənədi çapa vermək üçün File⇨Print menyu komandasını seçmək və açılan pəncərədə Ok düyməsini çıqqıldatmaq lazımdır. Bu zaman kompüterə qoşulmuş printer işə hazır vəziyyətdə olmalıdır.