Hər bir mürəkkəb obyekt kimi, kompüter də çoxlu hissədən – monitor, klaviatura, siçan və başqa qurğulardan ibarətdir. Kompüteri təşkil edən bütün qurğulara kompüterin aparat təminatı deyilir.

Kompüterlərdən istifadə etmək üçün bu sahədə mütəxəssis olmaq vacib deyil. Sadəcə, kompüterlərin başlıca elementləri və onların necə işləməsi haqqında ümumi təsəvvürlərə malik olmaq kifayətdir.

Kompüterin müəyyən iş görməsi üçün ona başa düşdüyü dildə göstərişlər toplusu – proqramlar verilməlidir. Kompüterdə olan bütün proqramlar onun proqram təminatını təşkil edir.

B U  M A R A Q L I D I R

Kompüteri simfonik orkestrlə müqayisə etmək olar.
Bu zaman onun “aparat təminatı” musiqiçilər və musiqi alətləri olacaq. Proqram təminatını isə notlar yerinə yetirəcək. Kompüterdə olduğu kimi, notlar (proqramlar) musiqiçilərə (avadanlığa) nəyi, necə və nə vaxt ifa etməyi göstərir.