Fərdi kompüterləri ölçülərinə və imkanlarına görə bir neçə növə ayırırlar.
Masaüstü kompüterlər fərdi kompüterlərin ən geniş yayılmış növüdür. Onlar, əsasən, sistem bloku, monitor, klaviatura və siçandan ibarət olur. Adından da göründüyü kimi, masaüstü kompüterlərin ölçüləri elədir ki, onları masa üzərində quraşdırmaq olur.
Noutbukların, yaxud dizüstü kompüterlərin ölçüləri masaüstü kompüterlərə nisbətən kiçik olsa da, imkanları, demək olar ki, eynidir. Kiçik və yüngül olduqlarından onları rahat daşımaq mümkündür. Noutbuklar elektrik şəbəkəsinə qoşulmaqla, yaxud batareya ilə də işləyə bilir.
Planşet kompüterin ekranında barmaqla, yaxud stilus adlanan xüsusi qələmlə işləmək olur. Planşet kompüterlərdə klaviatura və siçandan istifadə etməmək də olar. Ona görə də bəzi işlərdə bu kompüterlər daha əlverişli olur. Son zamanlar çox populyar olan iPad (ay-pəd) də planşet kompüterlərə aiddir.