Siz 4-cü sinfin sonunda – “Bu kitab necə hazırlanıb” mövzusunda kitabların kompüter də hazırlandığını xatırlayırsınız. Çantanıza yığdığınız bütün kitabların elektron versiyalarını bircə fləş-yaddaşa yazıb cibinizdə gəzdirə bilərsiniz. Müasir planşet kompüterlərinə isə on minlərlə kitab yerləşir.
Bəs bir kitabı, bir kitab səhifəsini, bir cümləni kompüterdə saxlamaq üçün nə qədər yer lazımdır?
Əşyanın ağırlığını, yolun uzunluğunu, zamanı ölçdüyümüz kimi, informasiyanı da ölçmək olur. İnformasiyanın həcmini ölçmək üçün ən kiçik ölçü vahidi bit adlanır. Bit yalnız iki qiymətdən birini ala bilər: 0 və ya 1. İnanmaq çətin olsa da, hər cür informasiya – mətn, qrafika, musiqi, video kompüterdə, sadəcə, bu iki rəqəm vasitəsilə saxlanır. Mətnin hər bir simvolunu (hərfləri, rəqəmləri, durğu işarələrini, o cümlədən boşluq işarəsini) kodlaşdırmaq üçün 8 bitdən istifadə olunur. Məsələn, B hərfi kompüterdə 01000010 şəklində göstərilir.
8 ardıcıl bitə xüsusi ad da verilib – bayt.
İnformasiyanın həcmini baytlarla ölçmək daha rahatdır. “İNFORMATİKA” sözü 11 simvoldan (hərfdən) ibarət olduğundan kompüterin yaddaşında 11 bayt yer tutur. Bunu bitə çevirsək, 88 bit alınar:
“İnformasiyanın həcminin ölçülməsi” ifadəsi isə 33 bayt, yaxud 264 bit yer tutacaq.