İnsan ünsiyyətinin əsasını nitq təşkil edir. Eşitmə və nitq qüsurlu şəxslər isə ünsiyyət qurmaq üçün işarə dilindən istifadə edirlər.
5-ci sinifdən etibarən siz böyük sürətlə dəyişiklik dövrü keçirməyə başlayırsınız. Bu dövrdə hər birinizin düşüncə tərzi fərqli ola bilər. Bu zaman bir-birinizin sevmədiyi fəaliyyət növü ilə, oyun və s. məşğul olmağınız sizin qarşılıqlı ünsiyyət qurmağınıza mane olmamalıdır.
Ətrafınızdakı insanlarla münasibətlərinizi pozmadan ünsiyyət qurmağa çalışın. Bəzən sizə elə gələ bilər ki, valideynləriniz, ətrafınızda olan insanlar, sinif yoldaşlarınız sizə lazımi qədər diqqət və qayğı göstərmir, hisslərinizi anlamır və sizə dəstək olmurlar. Bu cür düşünməyiniz onlarla ünsiyyət qurmağınıza mane ola bilər. Fikirlərinizi bölüşə bilməmək özünüzü tənha hiss etməyinizə səbəb olar. Lakin hər kəsdən uzaqlaşmaq çıxış yolu deyil. Əyləncələrə və ünsiyyətə vaxt ayırın. Yüksək əhvali-ruhiyyə insanlarla yaxşı münasibət qurmağınıza kömək edər. Dostlarınız, sinif yoldaşlarınız haqqında yaxşı düşünməyə çalışın. Yoldaşlarınızla səmimi münasibət qurun.
Maraqlı ünsiyyət, qarşılıqlı anlaşma və hörmət münasibətlərin formalaşmasına təsir edir. Dərslərinizi oxuyun, insanlarla yaxşı münasibətlər qurun. Siz yüksək təhsil və mədəniyyət nümayiş etdirməklə də ətrafınızda hər kəsin sevimlisinə çevrilə bilərsiniz.
Uğurlu nəticələr bilik və bacarıqlardan asılıdır. Amma bununla yanaşı, düzgün qurulmuş ünsiyyət və münasibət də uğur qazanmağınıza kömək edər. Daha çox mütaliə etmək, ünsiyyət zamanı oxuduq- larınızdan yararlanmaq yoldaşlarınızla münasibətləri düzgün qurmağınıza kömək etmiş olar.
Ünsiyyət qurmaqda çətinlik çəkən yoldaşlarınıza necə kömək edə bilərsiniz?
Valideynlərinizdən, müəllim və yoldaşlarınızdan gözlədiyiniz diqqət və qayğını siz də onlardan əsirgəməyin. Kiçik çatışmazlıqları öz daxilinizdə böyük problemə çevirib özünüzə qapanmayın, xoş münasibəti gözəl söz lərlə ifadə edin. Valideynlərinizə, müəllimlərinizə, yaxud da məktəb psixoloqunuza müraciət edərək narahatlığınızın səbəbini söyləmək olar. Bununla da öz daxili gərginliyinizi azalda, onlardan məs ləhətlər almaqla yenidən həyat sevincini hiss edə bilərsiniz.
Unutmayın ki, onlar sizə hər zaman dəstək olmağa, düzgün istiqamət verməyə hazırdırlar.